|
|
|
|
|
AZƏRBAYCAN SATİRİK PUBLİSİSTİKASI: DƏYƏRLƏR VƏ MEYARLAR AZERBAIJANI SATIRICAL PUBLICISM: VALUES AND CRITERIA Səba NAMAZOVA*
ÖZ “Molla Nəsrəddin” jurnalı XX əsrin başlanğıcında, gərgin və təlatümlü proseslərin cərəyan etdiyi dövrdə qələmini sərt bir formada öz əməlləri ilə millətə düşmən olan qüvvələrə qarşı çevirirdi. Mətbu orqanın səhifələrində təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın, Rusiyanın, Yaxın və Orta Şərqin, demək olar ki, bütün sosial-siyasi, ideya-əxlaqi, mənəvi-psixoloji, etno-mədəni hadisə və prosesləri müxtəlif janr və ölçülü poetik və publisistik yazılarda, karikaturalarda obrazlı şəkildə əks etdirilmişdir. Həmin materiallar ideyalılığı, məqsədyönlüyü, obrazlılığı, milli və vətəndaşlıq mövqeyi, ümumiləşdirmə gücü ilə əsl bədii-estetik sənət nümunələridir. Jurnalın səhifələrində, onun yazı və rəsm materiallarında dövrün nəbzi, zamanın axarı, cəmiyyətdə baş verən ən müxtəlif proseslərin xarakterik xüsusiyyətləri aydın şəkildə duyulmaqda, görünməkdədir. Onun ədəbi mövqeyi realizmin estetik prinsiplərinə əsaslandığı üçün müəllif kollektivinin sənətə baxışları və təsvir üsulları da realizmə əsaslanırdı. “Molla Nəsrəddin” jurnalından sonra Bakıda ilk nəşr olunan “Bəhlul”dan (1907) başlamış, “Zənbur”, “Arı”, “Kəlniyət”, “Lək-lək”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, “Məşəl” və s. kimi dərgilərədək hər birində satirik formaların inkişafına xüsusi diqqət yetirilmişdir. Onların nəşri ilə qısa zamanda Azərbaycan publisistikası təkcə mövzu baxımından deyil, janr etibarilə də zənginləşmişdir. Qeyd edək ki, satirik “Molla Nəsrəddin” jurnalının mövzu dairəsi, təsvir və təhkiyə üsulları olduqca geniş idi. Jurnalda kəskin tənqidi yazılarla yanaşı, ictimai məzmunlu və müxtəlif formaya malik publisistik nümunələr də dərc olunmuşdur. “Molla Nəsrəddin” publisistikada yeni bir üslub, satirik deyim tərzi yaratdı. Açar Sözlər: “Molla Nəsrəddin” Jurnalı, Satirik Publisistika, Jurnal, Janr, Məqalə
ABSTRACT During tense and turbulent processes in the early twentieth century the Molla Nasreddin journal turned against forces hostile to the nation. Almost all socio-political, ideological, moral, psychological, ethno-cultural events and processes not only of Azerbaijan, but also the whole Caucasus, Russia, the Middle East were illustrated on its pages in various genres and sizes, in poetic and publicist writings and cartoons. Those materials are examples of genuine artistic and aesthetic art with the ideological, purposeful, figurative, national and civic position, power of generalization. The pulse of the period, time strea, and peculiarities of the most diverse processes taking place in the society are evident from the jorunal’s pages, in its writings and illustrations. The author's artistic views and methods were guided by realism since his literary position was also based on the aesthetic principles of realism. İn each of them special attention was paid to the development of satirical forms. Numerous satirical journals have been published in Baku under the influence of the Molla Nasreddin. “Bahlul,” “Zanbur”, “Ari”, “Kalniyat”, “Lak-lak”, “Tuti”, “Mazali”, “Babayi-Amir”, “Mashal” and other journals came to be its successors. By these publications, Azerbaijani publicism had been enriched not only in the subject matter but also the genre. Note that the satirical Molla Nasreddin journal had a rich range of themes, storylines, and methods. In addition to critical articles, the journal also published publicist examples of various forms. The Molla Nasreddin had created a new satirical narrative. Key Words: The “Molla Nasreddin” Journal, Satirical Publicisim, Journal, Genre, Article
Satirik “Molla Nəsrəddin” jurnalı xalq həyatının müxtəlif sahələrinə nüfuz etmiş, insanların gündəlik məişətini, arzu və ehtiyaclarını, çağdaş ictimai-siyasi mübarizələri əks etdirən məqamlara hərtərəfli şəkildə səhifələrində yer ayırmışdır. Onun təsiri ilə Azərbaycan dilində nəşr olunan jurnallar bu yolu davam etdirməklə yanaşı, xalqın mədəni tərəqqisi istiqamətində də yorulmadan mübarizə aparmışlar. “Zənbur”, “Bəhlul”, “Mirat”, “Arı”, “Kəlniyət”, “Leylək”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, “Tartan-partan”, “Məşəl” kimi gülgü jurnalları “Molla Nəsrəddin”in bədii gülüş ənənələrini uğurla davam etdirmişlər. “Molla Nəsrəddin”in təsiri ilə 1907-ci ildə Bakıda nəşr olunmuş “Bəhlul” jurnalı sələfi ilə müqayisədə, gülgü jurnalı kimi demək olar ki, zəif idi. Bu cəhəti mollanəsrəddinçi şair Əli Nəzmi “Keçmiş günlər” adlı mənzum xatirəsində məxsusi vurğulamış, özünün jurnalda cəmi bir şeir dərc etdirməsinin, o cümlədən onun qısa müddətli, yalnız bir il nəşrə davam etməsinin səbəbini mətbu nümundə satirik gülüşün də xeyli dərəcədə zəif olması ilə əlaqələndirmişdir. Bəllidir ki, ötən əsrin başlanğıcında həftəlik illüstrasiyalı satirik “Zənbur” jurnalı da nəşr olunmuşdu. 1909-cu ildə işıq üzü görmüş jurnalın naşiri Ə.Axundov, rəssamı Ə.Əzimzadə idi və Ə.Müznib, Ə.Nəzmi, S.Mənsur, H.Q.Səyyah və başqa yazarlar onunla yaradıcı ünsiyyətdə olmuşlar. Mövzu dairəsinə, ifadə imkanlarına görə “Molla Nəsrəddin”ə yaxın olan “Zənbur” jurnalı dövrün realist şair və publisistlərini öz ətrafına toplamış, 1909-cu ilin martından 1910-cu ilin oktyabrınadək fəaliyyət göstərmişdir. “Molla Nəsrəddin” dərgisi 1909-cu il tarixli 14-cü sayında sərgilədiyi karikaturalarda “Zənbur”la olan yaradıcı yaxınlığını jurnalın təbiətinə uyğun satirik tərzdə nəzərə çatdırmışdı. Şəkillərdən birində köhnəpərəst qüvvələr “Molla Nəsrəddin”i yayan uşaqları qovaraq deyirlər: “A kişi, “Molla Nəsrəddin” zəhləmizi apardı, bir dənə “Zənbur” gətirin oxuyaq” (“Molla Nəsrəddin”, 5 aprel 1909, № 14). Jurnalın eyni sayında yer alan digər karikatura nümunəsində isə bu cür mənfur qüvvələr “Zənbur” jurnalı satanların üstünə doğru gedir və belə söyləyirlər: “Ey, apar, apar, bu da onun kimi bir bəd əməldir”. Onu da deyək ki, Mirzə Ələkbər Sabir kimi qüdrətli satirik şairlə yanaşı, “Zənbur”la Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib, Bayraməli Abbaszadə və başqa istedadlı qələm sahiblərinin şeir və felyetonları da jurnalda silsilə şəkildə dərc olunmuşdu. Mövhumat və cəhalətin tənqidi, azadlıq ideyalarının tərənnümü, qadınların hüquqlarının tapdalanmasına qarşı kəskin münasibət jurnalda dərc olunmuş satirik nümunələrin başlıca motivini təşkil edirdi. Böyük şair Sabir “Zənbur”da əsasən Qoca bəy, Cingöz bəy gizli satirik imzaları altında şeirlərini çap etdirmişdi. Belə ki, onun jurnalın 1910-cu ildə çıxmış 3-cü sayında dərc olunmuş “Ürəfa marşı” şeiri kəskin ifşaedici məzmunu ilə diqqət çəkir: İnteligentik, bu ki, böhtan deyil, Türki danışmaq bizə şayan deyil, Türk dili qabili-irfan deyil, Biz buna qail olan insanlarıq! Ay barakallah, nə gözəl canlarıq!..
Türk qəzeti versə də əqlə ziya, Mən onu almam əlimə mütləqa, Çünki müsəlmanca qonuşmaq mana, Eybdir! Öz eybimizi anlarıq! Ay barakallah, nə gözəl canlarıq! (“Zənbur”, 12 fevral 1910, № 3) Satirik ruhlu “Kəlniyət” jurnalı elə ilk nömrəsindən etibarən, xüsusilə, 1912-ci ildə çıxan “Kəllə” adlı baş məqaləsində öz məramnaməsini belə şərh etmişdi: “Mollanümalara, mənəm-mənəm deyən ürəfaya təhsin deyib, xana, bəyə, tacirə məhz cibişdan xatirəsi üçün məddhlıq edəcəyik. Həqiqi ürəfa və üləmaya nifrət edəcəyik, çünki zəmanəmiz baş-ayaq zamanıdır. Atalar demişkən, şər deməsən, xeyir gəlməz” (“Kəlniyət”, 1912, № 1). Əbəs deyil ki, “mollanəsrəddinçilərin duzlu, məzəli yazılarının təsiri, böyük xalq jurnalının mövzu və ideyaları, forma və üslub xüsusiyyətləri bu gülgü məcmuələrində aydın hiss edilməkdədir. Bu jurnallar da çox zaman xalq ədəbiyyatı nümunələrini satirik üsluba uyğunlaşdırır, nəzm və nəsrdən, mükalimələrdən, fikri mollanəsrəddinsayağı, əks mənada vermək ədəbi priyomundan istifadə edirdilər” (Mir Cəlal, Hüseynov, 2018: 52). Bununla yanaşı, qeyd edək ki, 1918-ci ildən sonra da çeşidli mətbu nümunələrlə yanaşı, satirik jurnallar da nəşr olunmuşdu. İlk sayı 1918-ci ildə çıxmış “Şeypur”un naşiri Səməd Mənsur, redaktoru isə Məhəmməd Əli Sidqi olmuşdur. Bu jurnal Azərbaycan Xalq Cümhuriyyəti ideallarını təbliğ edir, bolşevik təbliğatına qarşı mübarizə aparırdı. Jurnalın əsas hədəflərindən biri də erməni daşnaklarının Qarabağda törətdikləri qətliamlar idi. Belə ki, 1919-cu ilin yanvarında “Azərbaycanlı” imzası ilə jurnalda dərc olunmuş “Erməni yuxusu” adlı felyetonda həmin məsələyə toxunulmuş, Azərbaycanın müstəqilliyinə qarşı çıxan bolşeviklər gülüş hədəfi seçilmişdilər. Göründüyü kimi, inqilabi-demokratik mətbuatın ən qüvvətli nümunəsi olan “Molla Nəsrəddin” jurnalı öz nəşri ilə Yaxın və Orta Şərq ölkələrində də güclü əks-səda doğurmuşdu. Sabir poeziya məktəbinin Azərbaycanda çoxsayda davamçıları yetişmiş, onların sırasından Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Məhzun, Bayraməli Abbaszadə, Əli Razi, Mirzəli Möcüz və başqaları ustadlarının ədəbi xəttini layiqincə davam etdirərək satirik “Molla Nəsrəddin” jurnalı ilə müntəzəm yaradıcılıq əlaqəsində olmuşlar. Hətta, o dövrdə bir sıra romantik şairlər də Sabir şeirinin təsiri altına düşmüş, lirik ruhda əsərlər yazmaqla yanaşı, satirik poeziya və publisistika sahəsində paralel şəkildə qələmlərini sınamışdılar. “Molla Nəsrəddin” jurnalının mənsur felyeton janrı, açıq məktub formalı satirik şeir forması Əli Nəzminin, satirik məktub-felyeton isə Əli Razi Şamçızadənin adı ilə bağlı olmuşdur. Əli Nəzmi jurnalın Ana dilinin saflığı uğrunda mübarizəsinin yeni-yeni səhifələrinin açılmasında və inkişaf edib zənginləşməsində də xüsusi rol oynamışdır. Jurnal səhifələrində yer alan tapmaca və tapmaca-cavab formalı şeirlər əsasən Əli Nəzmi və Əli Razi Şamçızadə qələminə məxsusdur. Ə.R.Şamçızadə çoxsaylı, çeşidli şeir və felyetonları ilə “Molla Nəsrəddin”də qadın azadlığı, cəmiyyətdə və ailədə qadının yeri, təhsili və s. problemləri ardıcıl olaraq işıqlandırmış, onların mahiyyəti, törəmə səbəbləri, həlli yolları haqda ardıcıl dərc etdirdiyi əsərləri ilə jurnalın ideya cəbhəsini və sənətkarlıq keyfiyyətlərini zənginləşdirmişdir. Əsarət altında əzilən, köhnə adətlərin quluna çevrilmiş qadınların ağrı-acılarla müşayiət olunan həyatlarının təsviri, ictimai zülm və istibdada, ümumilikdə cəmiyyətdə geriliyə yol açan əməllərin tənqidi, qətiyyətlə pislənməsi kimi cəhətlər istedadlı satirikin publisistik yazılarında da əsas yer tuturdu. Daha doğrusu, ötən əsrin əvvəllərində yeniliklə köhnəliyin mübarizəsi fonunda qadınların qarşılaşdıqları qeyri-insani münasibətlər, mənfi tiplərin yeni dövrün qayda-qanunları ilə qətiyyən uyğunlaşmayan iyrənc əməlləri Əli Razinin satirik publisistikasının əsas mövzusuna çevrilmişdi. Yaradıcılığında şeirə, həmçinin publisistikaya da xüsusi yer ayıran Mirzə Məhəmməd Axundov “Molla Nəsrəddin”lə jurnalın nəşrə başladığı 1906-cı ildən etibarən sıx surətdə əlaqədə olmuş və özünün də qeyd etdiyi kimi, bu jurnal onun ədəbi fəaliyyətini istiqamətləndirmişdi. Nəticədə, mollanəsrəddinçi sənətkar satirik mətbu orqanın səhifələrində “Hatif”, “Yoncasatan”, “Hacıkəndli”, “Mollapərəst”, “Gəncə şairi”, “Molla Zori”, “Qeybi”, “Tamrançı”, “Qadı”, “Köhnə şair” və digər imzalarla xeyli sayda məqalə, felyeton və şeirlərini dərc etdirmişdir. XX əsrin bir sıra tarixi gerçəkliklərinə işıq tutan, dövrün aynasına çevrilən satirik “Molla Nəsrəddin” dərgisi və onun ardıcılları millətin milli dəyərlərindən qaynaqlanan mövzuları bədii publisistikada, hekayə və felyetonlar vasitəsilə müntəzəm şəkildə xalqa çatdırmağa var-gücü ilə çalışırdı. Onun ətrafında cəm olan qələm əhli də “Molla Nəsrəddin” məktəbindən bəhrələnərək istər bu jurnalda, istərsə də onun ənənələrini davam etdirən digər satirik dərgilərdə həmin yaradıcı ruhu qorumağa səylə çalışırdılar.
Kaynakça
*Gəncə Dövlət Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent, Filologiya fakültəsi, Azərbaycan və dünya ədəbiyyatı kafedrası, seba8080@mail.ru |
||
|
+
: شنبه ۱۳۹۹/۰۹/۱۵ساعات 22:25 يازان : عباس ائلچین
|
|
||