|
|
|
|
|
“Molla Nəsrəddin” - milli kimliyimizin yaddaş kitabıGülşən ƏLİYEVA-KƏNGƏRLİ Azərbaycan mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir. Üçüncü səbəb bu idi ki, “Molla Nəsrəddin” Azərbaycan tarixinin ən mühüm dövründə - dünyanı lərzəyə gətirmiş 1905-1907-ci illər xalq inqilabi dövründə yaranmışdı. Mirzə Cəlil tarixin gedişatını doğru təyin etmiş, XX əsrin önlərində başlanan milli intibahın belə bir jurnala ehtiyacı olduğunu duya bilmişdi. Bunu da yenə məhz Mirzə Cəlil özü hamıdan əvvəl, hamıdan dəqiq ifadə edərək yazırdı: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı... Onun birinci nömrəsi nəşr olunan gündən mənim bir az vaxtın müddətində nəinki tək bircə Qafqaz müsəlmanlarının içində, bəlkə Yaxın Şərqdə şöhrət tapdı”. Milli mətbuatımızın başçısı olmaq uğrunda jurnal çətin bir mübarizə yolu keçməli oldu. Onun səhifələrində Azərbaycan haqqında ən böyük milli-tarixi həqiqətlər əks olunurdu. O, ana dili uğrunda mübarizənin başında dayandı, ana dilində yazmağın və danışmağın canlı klassik nümunəsinə çevrildi. Azərbaycanın münəvvər ziyalıları hələ ilk saylarından başlayaraq bu dərginin ədəbi-tarixi əhəmiyyətini yüksək qiymətləndirirdilər. 30-cu illərdə Mirzə Cəlil haqqında ilk böyük monoqrafiyanı dövrün gənc və görkəmli tənqidçisi Əli Nəzmi yazdı. Əli Nazim 1933-cü ildə yazdığı tərcümeyi-halında göstərir ki, o, “Molla Nəsrəddin bir sənətkar kimi” adlı 6 müəllif vərəqi həcmində monoqrafiya planlaşdırıb. Bu ilk Sovet alimlərindən olan Ə.Naziminin namizədlik dissertasiyası idi. Bu monoqrafiya 1936-cı ildə M.Hüseynin redaktorluğu ilə bir neçə siqnal nüsxəsi olaraq çap olunur. Bu vaxt Ə.Naziminin başının üstünü 37-nin qara buludları almışdı. Ona görə də əsərin kütləvi tirajla çapı dayandırılır. Həmin monoqrafiyanın yeganə nüsxəsi, AMEA-nın müxbir üzvü, mərhum professor Abbas Zamanovun şəxsi arxivindəndir. O, “Cəlil Məmmədqluzadə (Molla Nəsrəddin)” adlanır. Bu talesiz monoqrafiya mollanəsrəddinşünaslığın əsasını qoymuşdur. Çünki bu əsərdə Mirzə Cəlil və “Molla Nəsrəddin” sinonim adlar, bütöv bir vəhdətin hissələri kimi ədəbi-tarixi düşüncəyə daxil edilir. Ə.Nazim həm də “Molla Nəsrəddin” i - Mirzə Cəlili Azərbaycan realizminin müstəqil mərhələsi kimi tədqiqata cəlb edir. Müəllif realizmin bu mərhələsini Molla Nəsrəddinin gülüşü ilə izah edərək yazırdı: “Onun gülüşünün bir xüsusiyyəti də, bu gülüşün göz yaşları ilə yoğrulmuş acı bir gülüş olmasıdır. Bu gülüş ağlamağını gizlətməyə çalışanların qəhqəhələrini özündə daşıyır... Lakin bu gülüş hər zaman belə qalmır kinə keçir, nifrətə keçir, kəskin silah olur, məhvedici güllə olur, yandırır”. “Molla Nəsrəddin” qaranlıq və pozğun həyatı işıqlandıran, təmizləyən günəş kimi idi. ... Mollanəsrəddinçilər xalq kütlələrinin iştirakı olmadan milli intibah təsəvvür etmirdilər. ... “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir”. “Molla Nəsrəddin” və mollanəsrəddinçilik problemi Azərbaycan ədəbiyyatşünaslığında bütün XX əsr boyu diqqət mərkəzində olmuşdur. Həm mətbuat tariximizdən tədqiqatçılar, həm nəsrşünaslar, həm ictimai fikri araşdıran filosoflar, həm də dilçi və ədəbiyyat nəzəriyyəçiləri bu möhtəşəm abidəyə müxtəlif yönlərdən yanaşmış, onun milli-tarixi taleyimizdəki əhəmiyyətini təsdiq etmişlər. M.S.Ordubadi, Əziz Şərif, Mir Cəlal, Abbas Zamanov, M.Cəfər, M.Arif, Əli Sultanlı, Q.Məmmədli, Əziz Mirəhmədov, K.Talıbzadə, X.Əlimirzəyev, M.Məmmədov, F.Hüseynov, Y.Qarayev kimi görkəmli yazıçı və ədəbiyyatşünaslar XX əsrin 50-80-ci illərində “Molla Nəsrəddin” haqqında xüsusi elmi-monoqrafik araşdırmanın predmet ola biləcək dəyərli fikirlər söyləmişlər. Akademik M.C.Cəfərov yazırdı: “Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhəddini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Mola Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir”. Azərbaycan mollanəsrəddinşünaslığında öz yeri olan ciddi tədqiqat əsərlərindən biri mərhum professor X.Məmmədovun “Əkinçi” dən “Molla Nəsrəddin”ə qədər” (1987) monoqrafiyasıdır. Bu əsərdə Azərbaycan ədəbi-tarixi və nəzəri-estetik fikrinin az öyrənilmiş XIX əsrin son dövrü və XX əsrin əvvəlləri - iki jurnalarası mərhələ nəzərdən keçirilir, Azərbaycan mətbuatının “Molla Nəsrəddin”ə gələn maarifçilik yolu araşdırılır. Azərbaycan mollanəsrəddinşünaslığının nəzəri-tarixi monoqrafiyanı xüsusi qeyd etməliyik: Yaşar Qarayev. “Realizm: sənət və həqiqət (Azərbaycan realizminin mərhələləri)” (1980), Əziz Mirəhmədov. “Azərbaycan Molla Nəsrəddini”(1980) və İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1997). Y.Qarayev və Ə.Mirəhmədovun əsərləri mollanəsrəddinşünaslığının 60-80-ci illər mərhələsini, İ.Həbibbəylinin monoqrafiyası isə ümumən XX əsr mollanəsrəddinçiliyini və cəlilşünaslığı yekunlaşdıran sanballı tədqiqatlardır. Y.Qarayevin “Azərbaycan realizminin mərhələləri” monoqrafiyasında Mirzə Cəlilin və ümumən “Molla Nəsrəddin” ədəbi məktəbinin tənqidi realizmin mərhələ kimi formalaşmasında həlledici rolu nəzəri-fəlsəfi baxımdan əsaslandırılır. O yazır: “Mirzə Cəlil XX əsr Azərbaycan bədii fikrində yeni realizmin başçısı və böyük nümayəndəsi sayılır. Ümumən Azərbaycan realizmi Zakirdən Sabirə qədər keçdiyi yolda Mirzə Cəlildən yüksək zirvə tanımır: Bizdə tənqidi realizm Mirzə Cəlillə kamala çatır. O M.F.Axundov realizminin sadəcə davamçısı deyildi, bu realizmin inkişafında tam yeni mərhələnin “baneyi-kari” idi. Mirzə Fətəlidən sonra Azərbaycan nəsrində, dramaturgiyasında, ədəbi və ictimai fikrində böyük islahatlar Mirzə Cəlil yaradıcılığında baş verir”. Ə.Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddin” monoqrafiyasında C.Məmmədquluzadənin dünyagörüşünün təşəkkülü və inkişafı, əbədi mühitə və mətbuata gəlişi, demokratizm uğrunda mübarizəsi zəngin faktlarla araşdırılır və əsaslandırılır. Monoqrafiyanın xüsusilə “Molla Nəsrəddin” in banisi və redaktoru adlanan dördüncü fəslində jurnalı yaratmağın fədakarlıqları ilə bərabər C.Məmmədquluzadə və mollanəsrəddinçilik problemi xüsusi araşdırmanın predmetinə çevrilir. Akademik İ.Həbibbəylinin fundamental monoqrafiyası tamamilə yeni materiallar və arxiv sənədləri əsasında yazılmış orijinal tədqiqat əsəridir. Burada Mirzə Cəlilin mühiti, uşaqlıq dövründən tutmuş ömrünün son dövrünə qədərki, ədəbi, jurnalistik və ictimai fəaliyyətinin bütün mərhələləri, şərəfli və ağrılı tale dönümləri nəzərdən keçirilir. Molla Nəsrəddinçilik və füyuzatçılıq problemlərinin obyektiv tarixi qoyuluşu və həlli bu əsərin dəyərli cəhətlərindəndir. Müəllif ədibin təhsil illəri ilə bərabər müasirləri haqqında geniş məlumat verir. Əsərin son fəsli başdan-başa Mirzə Cəlilin nəsi şəcərəsinə həsr olunur. Bu nəhəng tədqiqat əsəri yeni tapılmış zəngin materiallardan ibarət “Əlavələr”lə tamamlanır ki, bu da əsərə elmiliklə bərabər, həm də əyanilik gətirir. Və ən başlıcası, İ.Həbibbəyli “Molla Nəsrəddin” və “Mirzə Cəlilin” mühitini sadəcə faktların və sənədlərin tarixi sırası kimi vermir. Burada mühit həm də fəlsəfi-estetik problem kimi işlənilir ki, bu da monoqrafiyanın dəyərli elmi-nəzəri keyfiyyətlərindəndir. Azərbaycan mollanəsrəddinşünaslığı ciddi nəzəri-metodoloji problemlərə malik bütöv elmi bir sistemdir. Yüz ildir ki, Azərbaycan tarixi-ictimai düşüncəsində “Molla Nəsrəddin” adı əbədiləşib, yüz ildir ki, mollanəsrəddinşünaslıq adlanan elm formalaşıb. Bu elmi Azərbaycan ədəbiyyatşünaslığı kontekstində monoqrafik hüdudlarda araşdırmaq bu gün aktual tarixi zərurətə çevrilib. Qaynaq: 525.AZ |
||
|
+
: سه شنبه ۱۳۹۸/۱۲/۰۶ساعات 22:20 يازان : عباس ائلچین
|
|
||